Orta əsr Ağsu şəhəri Dövlət Tarix-Mədəniyyət Qoruğunda

10 iyun tarixində “Orta Əsr Ağsu Şəhəri» Dövlət Tarix-Mədəniyyət Qoruğunda Qoruğun, Elitar Hazırlıq Mərkəzinin və Ağsu rayon Heydər Əliyev Mərkəzinin təşkilatçılığı ilə gənclər üçün mədəni irs düşərgəsi təşkil olunub. Düşərgənin iştirakçıları Elitar Hazırlıq Mərkəzinin Ağsu və Şamaxı filialının tələbələri olub. Elitar Hazırlıq Mərkəzinin Ağsu filialının direktoru Tehran Dadaşov, Şamaxı filialının direktoru Gülnaz Həbibova, mərkəzin müəllim kollektivi, Ağsu rayon Heydər Əliyev Mərkəzinin direktoru Reyhanə Tacızadə, Mərkəzin əməkdaşları düşərgədə iştirak ediblər. Əvvəlcə düşərgə iştirakçıları Ağsu Qoruğunun abidələri üzrə ekskursiyada olublar. Qoruğun bələdçisi Xoşqədəm Əkbərova düşərgə iştirakçılarına Sənətkarlıq Məhəlləsi, buzxana kompleksi, cümə məscidi haqqında geniş məlumat verib və onları “Orta əsr şəhərlərinin baş meydanları sərgisi” nin (Qoruğun 2023-cü il tədqiqatları əsasında) eksponatları ilə əyani tanış edib.

Ekskursiyadan sonra düşərgə iştirakçıları MİRAS Mədəni İrsin Öyrənilməsinə Kömək İctimai Birliyi və İMAGE Yaradcılıq Şirkətinin birlikdə ərsəyə gətirdiyi “Orta Əsr Ağsu Şəhərinin 3D Təqdimatı” adlı filmi izləyiblər. Filmdə orta əsr Ağsu şəhərinin 3 D formatında modeli təqdim olunub. Düşərgə iştirakçıları üçün “Ən yaxşı təqdimat” müsabiqəsi təşkil olunub. İştirakçılar Ağsu Qoruğu haqqında geniş təqdimat ediblər. Münsiflər heyətində Ağsu Qoruğunun direktoru Şölə Bayramova, Elitar Hazırlıq Mərkəzinin Şamaxı filialının direktoru Gülnaz Həbibova və Ağsu filialı direktor müavini Aynur Əliyevanın olduğu müsabiqədə ən yaxşı təqdimat edən tələbələr-Tunar Məmmədzadə, Mədinə Qəzənfərova,  Fidan Kərimli, Zəhra Mustafazadə, Zamiq Məmmədli, Zəhra Məcidova diplomla, digər iştirakçılar isə sertifikatla təltif olunublar.